MƏLUMAT
Ərazidə yaşıllıqların idarə olunması barədə
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq:
Maddə 12. Fiziki və hüquqi şəxslərin yaşıllıqlar üzərində mülkiyyət hüquqları
Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir.
Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.
“Delta Telecom LTD” MMM hüquqi şəxsdir və ona məxsus ərazi xüsusi mülkiyyətdədir. Müəssisə fəaliyyətinə uyğun olaraq dövlət əhəmiyyətli strateji obyekt və kritik informasiya strukturu hesab olunur. Müvafiq qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə yerləşən yaşıllıqların idarə olunması, o cümlədən onların qorunması, yenilənməsi və zərurət olduqda dəyişdirilməsi müəssisənin səlahiyyətinə daxildir.
Son dövrlər müəssisənin perimetri boyunca yeni hündür mərtəbəli yaşayış binalarının istifadəyə verilməsi nəticəsində sakinlər tərfindən balkonlardan siqaret kötüklərinin atılması, xüsusilə küləkli havalarda müəssisənin ərazisində yerləşən yanmağa meyilli şam ağaclarına təhlükə yaradır. Bayram günlərində balkonlardan atılan fişəng və pirotexniki vasitələrin atılması isə yanğın təhdidini daha da artırır. Bu hallar bir neçə dəfə müşahidə olunmuş və əməkdaşlarımızın sayıqlığı nəticəsində baş verə biləcək yanğın təhlükəsinin qarşısı alınmışdır.
Göstərilənlərlə əlaqədar olaraq kritik informasiya daşıyıcısı sayılan inzibati binaların, eləcə də ərazidən keçən beynəlxalq və yerli əhəmiyyətli optik kabellərin yanğından təhlükəsizliyinin təmin olunması üçün bəzi yanğına meyilli ağacların dəyişdirilməsi və yanğına daha davamlı tinglərin əkilməsi qərara alınmışdır.
Müəssisənin ərazisinin vizual müşahidəsi də sübut edir ki, müəssisə yarandığı vaxt bir ədəd ting və ya kol olmayan ərazisində yüzlərlə yaşıl ağac və tinglər əkilərək mütəmadi qulluq göstərilmiş və bugünkü vəziyyətə salınmışdır. Yaşıllaşdırma işi müntəzəm olaraq davam etdirilir.
Bir daha bildiririk ki, informasiya təhlükəsizliyinin davamlı və sabitliyinin qorunması üçün müxtəlif yerdəyişmələr edilməsi zəruridir və xüsusi mülkiyyət olduğuna görə yuxarıda qeyd olunmuş qanuna əsaslanmışdır.
Qeyd edirik ki:
Görülən işlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilmişdir;
Məqsəd ərazidə yerləşən mühüm texnoloji və mühəndis infrastrukturuna yarana biləcək təhlükənin əvvəlcədən qarşısı alınması üçün keçirilən qabaqlayıcı tədbirdir.
Müəssisə tərəfindən indiyədək minlərlə ağac əkilmişdir və yaşıllaşdırma işləri davam etdirilir.
XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, məhdud yayım hüququna malik informasiyaların açıqlanması və yayılması qadağandır. Bu qəbildən olan məlumatlara dövlət sirri, xidməti sirr, kommersiya sirri, məxfi sənədlər, hərbi obyektlər, strateji və kritik infrastruktur obyektləri barədə məlumatlar, o cümlədən onların yerləşmə yerlərini və texniki xüsusiyyətlərini əks etdirən foto və video materiallar daxildir.
Xüsusilə hazırkı geosiyasi şərait və regionda mövcud olan təhlükəsizlik riskləri nəzərə alınaraq, kritik infrastruktur obyektlərinin dəqiq yerləşmə məlumatlarının və görüntülərinin sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində və digər platformalarda paylaşılması dövlət təhlükəsizliyi baxımından ciddi təhdid yaradır və üçüncü tərəflər tərəfindən kəşfiyyat məqsədilə istifadə oluna bilər.
Təəssüf hissi ilə qeyd edirik ki, bəzi hallarda qonşu yaşayış binalarında yaşayan vətəndaşlar və bəzi medialar tərəfindən müəssisəmizin ərazisində yerləşən obyektlərin foto və video çəkilişləri aparılaraq müxtəlif sosial media platformalarında və televiziya kanallarında yayımlanır. Bu cür hərəkətlər, istər bilərəkdən, istərsə də bilməyərəkdən həyata keçirilsə belə, qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir.
Bununla əlaqədar olaraq, vətəndaşlara bir daha xatırladırıq ki, hərbi və məhdud yayım hüququna malik informasiyaların, eləcə də strateji və kritik obyektlərə dair görüntülərin paylaşılması qadağandır.
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, dövlət sirrinin və qanunla qorunan digər məxfi məlumatların yayılması, habelə təhlükəsizlik baxımından həssas obyektlərə dair məlumatların qanunsuz əldə edilməsi və paylaşılması cinayət məsuliyyəti yaradır və müvafiq maddələr üzrə hüquqi məsuliyyətə səbəb olur.
Bu səbəbdən bütün vətəndaşları məsuliyyətli davranmağa, qeyd olunan tələblərə ciddi riayət etməyə və belə hallardan çəkinməyə çağırırıq.