Əcnəbi İKT mütəxəssislərinə Azərbaycanda müvəqqəti yaşamaq icazəsi veriləcək
 
Xarici investisiyaları innovasiya və yüksək texnologiyalar sahəsinə cəlb etməklə texnologiya parklarının genişləndirilməsi məqsədilə Miqrasiya Məcəlləsinə dəyişikliklər hazırlanıb.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Qanun layihəsinə əsasən iş icazəsinin alınması tələb olunmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dairəsinə texnologiyalar parkının rezidenti və həmin rezident tərəfindən ölkə ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər əlavə olunur. Buna uyğun olaraq, həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulur. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.