SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Ümumdünya İnformasiya Cəmiyyəti günü

Məlumdur ki, İnformasiya cəmiyyətinin qurulması üçüncü minilliyin əsas ideologiyasıdır və hal-hazırda bütün dünya qlobal informasiya cəmiyyətinin formalaşması mərhələsini yaşayır.
27 mart 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 17 may tarixini “Ümumdünya İnformasiya Cəmiyyəti günü” elan edib. Qeyd etmək lazımdır ki, bu tarixin seçilməsi təsadüfi deyildir. Məhz həmin gün 1865-ci ildə Parisdə 20 Avropa ölkələrinin nümayəndələri tərəfindən Beynəlxalq Teleqraf İttifaqının (International Telegraph Union - ITU) yaradılması haqqında müqavilə imzalanıb. Belə bir İttifaqın yaradılmasının əsas məqsədi həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartları müəyyən etmək idi.
Müasir dövrdə teleqraf əlaqələri müəyyən inkişaf mərhələlərindən keçərək informasiya-kommunikasiya texnologiyalarına çevrilib və bu texnologiyaların hər bir sahədə meydana çıxan məlumatların toplanmasında, emalında və ötürülməsində rolu çox böyükdür. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi zərurəti indiki qloballaşma dövründə daha çox hiss olunur və bu texnologiyaların sürətlə inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.
Informasiya cəmiyyətinin əsas məqsədi, bütövlükdə cəmiyyətin və ayrı-ayrı şəxslərin informasiya tələbatını ödəmək üçün müasir informasiya texnologiyaları bazasında müxtəlif təyinatlı informasiya resurs və fəzalarının formalaşdırılmasıdır.
Ölkəmizdə Informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbil edilmişdir. İnformasiya cəmiyyətinin qurulmasının əsas vəzifələrinə İC-nin hüquqi əsaslarının yaradılması, insan amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqları, şəffaf dövlət və yerli özünüidarəetmənin, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatının qurulması, informasiya və bilik bazarının yaradılması, tarixi, ədəbi-mədəni irsin saxlanması, müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya təhlükəsizliyinin təmini, qlobal informasiya fəzasına inteqrasiya, milli İKT məhsullarının istehsalı, ölkənin elektron geriliyinin aradan qaldırılması və digər vacib məsələlər daxildir.
Ümumiyyətlə, İnformasiya cəmiyyəti fərdi biliklərin İnternet-mühitin köməyi ilə ictimailəşməsi - kollektiv təfəkkürün formalaşması üçün misilsiz imkanlar yaradır. İnformasiya cəmiyyəti, eyni zamanda, yeni növ iqtisadiyyatı - ən ali əmtəə forması olan biliklərə və informasiyalara əsaslanan iqtisadiyyatı formalaşdırır.
Dünyada baş verən qloballaşma prosesi, ölkələrarası inteqrativ münasibətlərin meydana gəlməsi və inkişafında İnformasiya cəmiyyəti müstəsna əhəmiyyətə malikdir. Belə bir şəraitdə, bazar iqtisadiyyatının tələblərinə müvafiq elmin idarə olunması, intellektual mülkiyyətin formalaşması, qorunması və kommersiyalaşdırılması, vaxtı ilə “beyin axını” – alimlərin inkişaf etmiş ölkələrə getməsi prosesinin yerinə onların biliklərinin İnternet üzərində miqrasiyası və digər problemlərin həlli yeni konseptual baxışlar, yanaşmalar, təşkilatı və iqtisadi-hüquqi mexanizmlər tələb edir.
Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev 2003-cü ilin fevral ayında respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi haqqında “Azərbaycanın inkişafı naminə İKT üzrə Milli Strategiya”nı (2003-2012-ci illər) təsdiq etmişdir. Milli Strategiyanın qəbulundan keçən müddət ərzində Azərbaycan hökuməti tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk xarici səfəri kimi 2003-cü il dekabrın 12-də Cenevrədə İnformasiya cəmiyyəti məsələləri üzrə Dünya Sammitində iştirakı Azərbaycan dövlətinin bu sahəyə diqqətini beynəlxalq aləmə bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev sammitdə çıxış edərək xüsusi qeyd etdi ki, Azərbaycan dövləti İnformasiya cəmiyyətinin qurulması istiqamətində bütün imkanlardan istifadə edəcəkdir. O, Azərbaycanın bu sahədə dövlət siyasətinin əsas prioritetlərini şərh etmiş, onun İKT-ni inkişaf etdirməkdə maraqlı olduğunu bəyan etmişdir. Bu istiqamətdə dövlət siyasətini həyata keçirmək məqsədi ilə 2004-cü il fevralın 20-də cənab Prezident İlham Əliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında qərar qəbul etdi.
2005-ci ilin noyabr ayında İnformasiya cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunis mərhələsində Azərbaycan Respublikasının nümayəndə heyətinin iştirakı da ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, həmçinin ölkədə İKT sahəsində inkişaf barədə geniş ictimaiyyətə məlumat yayılmasına imkan yaratmışdır. Sammitdə Cenevrə mərhələsindən keçən iki il müddətində informasiya cəmiyyətinin formalaşması istiqamətində əldə etdiyi uğurlara görə Azərbaycana təşəkkür elan edilmişdir.
“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaların inkişafı üzrə 2005-2008-ci illər üçun Dövlət Proqramı” (“Elektron Azərbaycan”) İnformasiya cəmiyyətinin qurulmasına və ümumilikdə dövlətimizin inkişafına xidmət edir.
Azərbaycanda “Elektron imza və elektron sənəd haqqında” qanunun qüvvəyə minməsi ölkədə elektron sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaratdı. Qanunun qəbulu elektron formada münasibətlərin təşkili ilə bağlı digər qanunvericilik aktları üçün hüquqi əsas yaratdı.
“Elektron ticarət haqqında” qanun şəbəkə mühitində alqı-satqı əməliyyatların həyata keçirilməsi, müxtəlif növ ticarət xidmətlərin göstərilməsi, yerinə yetiriləcək müqavilələrin elektron üsulla bağlanılması qloballaşan dünyada ölkələrarası iqtisadi əlaqələrin inkişafına xidmət edir.
“Telekommunikasiya haqqında” qanun telekommunikasiya şəbəkələri və operatorları, onlar arasında münasibətləri, həmçinin bu sahənin idarə olunması mexanizmini özündə əks etdirir.
“İnformasiya əldə etmək haqqında” qanun vətəndaşın məlumat əldə etmək hüququnun demokratik hüquqi dövlətin prinsipləri əsasında reallaşdırılmasını tənzimləyən normativ aktdır. Qanunun tələblərinə uyğun olaraq hökumət və yerli özünüidarəetmə orqanları İnternet resurslarından istifadəni təmin etməli və öz veb resursunu yaratmalıdır.
Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyinə həsr olunmuş iclasda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılmasında İKT, xüsusən də İnternetin müstəsna rol oynadığını bir daha qeyd etdi.
Son zamanlar ölkənin müxtəlif regionlarında İnternetin inkişafına güclü zəmin yaradılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin müvafiq sahə üzrə xarici əlaqələrinin genişlənməsinə, onun beynəlxalq təşkilatlarda üzvlüyünə nail olmuşdur. Ölkədə İKT-nin inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” haqqında sərəncamı ilə 2005-2007-ci illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində, gənclərin inkişafında və bütövlükdə Azərbaycanın gələcəyi üçün müasir texnologiyaların rolu bir daha göstərildi. Dünyanın dinamik dəyişməsi, getdikcə mürəkkəbləşən texnologiyaların daim inkişafı və geniş istifadə olunması şəraitində təhsil sahəsində aparılan islahatlar fundamental əhəmiyyətə malikdir. Təhsilin məzmunu və keyfiyyəti, həlledici səviyyədə konkret şəxsiyyətin tələblərinə uyğunluğu müasir cəmiyyətin intellektual potensialının vəziyyətini müəyyənləşdirir. İnformasiya və telekommunikasiya texnologiyalarından istifadə edilməsi əsasında təhsilin bütün sferalarının intensiv inkişafı vacib milli prioritetə çevrilir.
Azərbaycan Respublikasında elm və təhsil sahəsində aparılan islahatların yüksək keyfiyyətlə həyata keçirilməsində, Azərbaycan elminin və təhsilinin səviyyəsinin dünya standartlarının tələblərinə uyğunlaşdırılmasında, milli kadrlarımızın inkişaf etmiş dövlətlərin aparıcı elmi-tədqiqat və təhsil mərkəzlərinin qabaqcıl təcrübəsindən və potensialından istifadə etməsində “Virtual İpək Yolu” layihəsinin müstəsna rolunu da qeyd etmək lazımdır.
17 may 2006-cı il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AR Təsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Ümumdünya İnformasiya cəmiyyəti günü”nə həsr olunmuş toplantı keçirildi. Tədbirə adları çəkilən qurumların, özəl, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AR Rabitə və İnformasiya Texnologiyaları naziri, akad. Ə.Abbasov toplantı iştirakçılarını salamladı və “İnformasiya cəmiyyətinin qurulması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas prioritetlərindən biridir” məruzəsi ilə çıxış etdi.
Sonra AMEA prezidenti, akad. M.Kərimov “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan elminin vəzifələri və inkişaf perspektivləri”, Təsil naziri, prof. M.Mərdanov “Təhsildə informasiya texnologiyalarının rolu”, AMEA İnformasiya Texnologiyaları İnstitutun direktoru, t.e.d. R.Əliquliyev “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin meydana gəlməsi və inkişafı haqqında“ adlı məruzələri ilə çıxış etdilər.
Məruzələrdən sonra İKT sahəsində dövlət, özəl və qeyri-hökumət sektorunu təmsil edən nümayəndələr də ölkəmizdə İnformasiya cəmiyyətinin formalaşması sahəsində əldə olunmuş nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yolları haqqında çıxış etdilər.
Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı Dövlət Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil olunan Bakı şəhəri orta məktəblərinin yuxarı sinif şagirdləri arasında İnformatika üzrə olimpiadanın qalibləri diplom və RİTN tərəfindən ayrılan pul mükafatı ilə təltif olunmuşlar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Ümumdünya informasiya cəmiyyəti gününə həsr olunmuş poçt markası buraxılmışdır.

2006-05-16 ||www.delta-telecom.net