Dünyada ən populyar əməliyyat sistemi hansıdır?

“StatCounter” servisinin məlumatına görə, “Windows 10” əməliyyat sistemi ilk dəfə “Windows 7” sistemindən daha populyar olub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin yanvarında fərdi kompüterlərin (FK) 42,78%-i “Windows 10” sistemi ilə işləyib. Ötən ayla müqayisədə 1% irəliləyiş qeydə alınıb.

“Windows 7” platformasının bazar payı çox cüzi azalaraq 41,86% təşkil edib. Beləliklə, "Windows 10" sistemi ilk dəfə FK bazarında “Windows 7” sistemini ötməyə nail olub.

2017-ci ilin noyabrında “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin 600 milyon qurğuya quraşdırılması ilə bağlı məlumat vermişdi. “Windows 10” sistemi 2015-ci il iyulun sonunda ictimaiyyətə təqdim olunub. İlk gündə sözügedən əməliyyat sistemi 14 milyon qurğuya qurulub, 3 həftə sonra bu göstərici 53 milyon kompüterə bərabər olub. 2017-ci ilin mayında artıq 500 milyon FK “Windows 10” sistemi ilə işləyib.

2018-02-13 ||ictnews.az