|  Layihələr  |  Azərbaycanda Bakutel 2012 sərgisi keçirildi

Azərbaycanda Bakutel 2012 sərgisi keçirildi


Azərbaycan beynəlxalq “Telekommunikasiyalar və informasiya texnologiyaları” (“BakuTel-2012”) sərgi və konfransı artıq sona çatdı. Ən geniş miqyaslı, ən populyar və sərgilərin ziyarət edilməsi üzrə statistik göstəricilər baxımından ən kütləvi tədbirlərdən biri - “BakuTel” sərgisi 2012-ci ilin sərgi mövsümünü bağlayır.
“BakuTel” – İKT sahəsində baş verən ən parlaq və mühüm yenilikləri ictimaiyyətə nümayiş etdirən və daim maraqlı və dolğun keçən bir sərgidir. Bu, sözün əsl mənasında öz pəncərələrini gələcəyə açan və yaşadığımız dünyanın informasiya texnologiyalarının təsiri altında necə dəyişəcəyinə nəzər salmağa imkan verən bir hadisədir. Hər il müxtəlif ölkələrdən yüzlərlə şirkət bu tədbirə toplaşaraq təcrübə mübadiləsi aparmaq, aktual məsələləri müzakirə etmək, əlaqələr qurmaq və gələcək əməkdaşlığın əsasını qoymaq imkanına malik olur.
Ənənəvi olaraq həm bu sahəyə, həm də regionun ən iri İKT sərgisinə maraq göstərən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və onun xanımı Mehriban Əliyeva "BakuTel-2012" sərgisini ziyarət etdilər. Sərgi ürə "VIP"-tur zamanı dövlət başçısı Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin, "Easy Service", "Aztelekom", "DELTA TELECOM", "BAKCELL", "AZƏRKOSMOS", "ZTE Corporation", "AZERFON" və "AZERCELL" şirkətlərinin stendinə, eləcə də Avstriyanın milli stendinə baş çəkərək aparıcı yerli və xarici istehsalçıların məhsul və xidmətləri ilə tanış oldu. Dövlət başçısının diqqətinə çatdırıldı ki, bu il keçirilən sərgidə ABŞ, Belarus, Çin, Koreya Respublikası, Litva, Malayziya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 160 şirkət iştirak edir. Avstriya, Estoniya, Litva, Fransa, Xorvatiya, İsrail, Sloveniya və Kanada sərgidə milli qruplar tərəfindən təmsil olunur.
Bu il "BakuTel" sərgisində aparıcı yerli və xarici İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və xidmət şirkətləri iştirak etdilər. Ziyarətçiləri yaxın gələcəkdə bu sahədə öz tətbiqini tapacaq yeni İT məhsulları və xidmətlərinin təqdimat mərasimlərində iştirak etdilər. Buna İKT sahəsində yeniliklər, proqram təminatları və peyk rabitəsi üçün xidmətlər, habelə teleradio yayımı üçün avadanlıqlar və digər xidmətlər daxildir. Bu il debütantlar portativ  mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompüterlər, telekommunikasiya sistemləri üçün müasir test və ölçü avadanlıqları, texnoloji yeniliklər və bir sıra digər məhsulları nümayiş etdirdilər. "BakuTel-2012" sərgisi əvvəlki sərgilərdən aktiv innovasiyalı məzmunu ilə fərqlənir. Əvvəlki kimi, sərgidə əsas diqqət kosmik sənaye, yerüstü peyk idarəetmə strukturunun yaradılması və kadr hazırlığına yönəldilmişdir.
Dünyanın hər bir yerindən nümayəndələrin bir araya gəldiyi “IGF” (“Internet Governance Forum”) - "İnternetin idarə olunması üzrə forum" “BakuTel-2012” sərgisi ilə eyni meydançada keçirildi. "IGF" forumu ilk dəfədir ki Azərbaycanın paytaxtında, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə təşkil edildi. Foruma 1.500-dən çox nümayəndə dəvət olundu. Onlar arasında müxtəlif ölkələrin nazirliklərinin, beynəlxalq təşkilatların, dünyanın ən iri internet şirkətlərinin nümayəndələri və telekommunikasiya ekspertləri var idi.