DDoS hücumların davametmə müddəti artıb

"Kasperski Laboratoriyası"nın məlumatına əsasən, 2017-ci ilin ikinci rübündə DDoS hücumların davametmə müddəti artıb. Rekord müddət 277 saat təşkil edib ki, bu da birinci rüblə (120 saat) müqayisədə 131% daha çoxdur və demək olar ki, 2016-cı ilin ikinci rübündə qeydə alınmış rekord göstəriciyə (291 saat) yaxındır.

“ICTnews” Elektron Xəbər Xidməti computerworld.ru saytına istinadən yazır ki, ancaq hesabat dövründə DDoS hücumların yeganə fərqləndirici xüsusiyyəti onların davametmə müddətinin artması olmayıb. 2017-ci ilin ikinci rübündə dünyanın 86 ölkəsinə hücumlar qeydə alınıb ki, bu da ötən rüblə müqayisədə çoxdur. Ən çox DDoS hücumlar Çin, Cənubi Koreya, ABŞ, Honkonq, Böyük Britaniya, Rusiya, İtaliya, Niderland, Kanada və Fransada qeydə alınıb.

İkinci rübdə Fransanın nüfuzlu “Le Monde” və “Figaro” qəzetlərinin saytları, Qətərin “Al Jazeera” xəbərlər agentliyi, həmçinin “Skype” servisinin serverləri DDoS hücumlardan daha çox zərər görüblər.

Daha bir tendensiya odur ki, DDoS hücumlar tez-tez fırıldaqçılıq üçün istifadə olunur. Belə yanaşma “Ransom DDoS” (RDoS) adlandırılıb. Cinayətkarlar şirkətə ödəmə tələbindən (5-200 bitkoin) ibarət mesaj göndərirlər. Ödəniş edilmədiyi halda şirkətin kritik əhəmiyyətli onlayn resursuna DDoS hücum təşkil ediləcəyi barədə xəbərdarlıq edilir.

2017-08-21 ||ictnews.az