|   Xəbərlər

Kompüterlərin tədarük həcmi 10 il geriyə qayıdıb

“Gartner”in qiymətləndirməsinə görə, 2017-ci ilin yanvar-martında istehsalçılar ümumilikdə 62,18 milyon masaüstü və noutbuk tədarük ediblər ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 2,4% azdır. Sözügedən bazarın rüblük həcmi 2007-ci ildən bəri ilk dəfə 63 milyondan az olub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hesabata əsasən, kompüter sahəsində korporativ sektorda satış həcminin artımı müşahidə olunur, ancaq bu, hələ ki, azalmaqda olan istehlakçı tələbatını kompensasiya etmək üçün yetərli deyil. İstifadəçilər əvvəlki kimi köhnə fərdi kompüterlərini dəyişməkdən imtina edirlər. Biznes sahəsində kompüterlər əvvəlki kimi vacib avadanlıq hesab edilir.

“Gartner”in analitiki Mikako Kitaqava izah edir ki, korporativ sektorda güclü olmayan istehsalçılar ciddi problemlərlə rastlaşacaq və yaxın 5 ildə bu bazarı tərk etməli olacaqlar. Bu halda oyun fərdi kompüterləri və təhlükəsiz leptoplar təklif edən ixtisaslaşdırılmış bazar iştirakçıları mövcudluğunu qoruyub saxlayacaq.

Kitaqava hesab edir ki, kompüterlərin tədarükü uğrunda əsas mübarizə “Lenovo”, “HP” və “Dell” şirkətləri arasında olacaq. 2017-ci ilin birinci rübündə kompüter sənayesində rəqabət güclənib. “HP Inc.” şirkəti lider “Lenovo”ya yaxınlaşıb və şirkətlərin bazar payı müvafiq olaraq 19,5% və 19,9% təşkil edib. “HP Inc.” ilk beşlikdə yer alan şirkətlərlə müqayisədə ən güclü artım (6,5%) nümayiş etdirib.

2017-04-13 ||ictnews.az