Qrafen dəniz suyunu duzdan təmizləməyə kömək edəcək

Böyük Britaniya fizikləri və Nobel mükafatı laureatı Andrey Qrim dünyada dəniz suyu üçün ilk filtr yaradıblar. Qurğunun əsasını su molekullarını (H20) buraxmaqla duzun, xlor və natrium ionlarının keçməsinin qarşısını alan qrafen materialından düzəldilən tor təşkil edir. Qrafen filtrləri istənilən ölçüdə həm portativ qurğular, həm də sənaye təmizləyici aparatları üçün hazırlamaq olar.

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, BMT-nin məlumatına görə, 2025-ci ilədək Yer kürəsi əhalisinin 15 faizi saf içməli suyun alınmasında problemlə üzləşəcək. Bu gün əksəriyyəti ərəb dövlətlərində sınaqdan keçirilən onlarla duzdan təmizləmə üsulu məlumdur. Lakin onların hamısı istifadə zamanı texnikanın sıradan çıxması və onun qiymətinin baha olması kimi iki çatışmazlığa malikdir. Qrafen filtrlər xəlbir kimi işləyərək duzları atomar səviyyədə xəlbirdən keçirəcək, ionlar isə yalnız su molekullarını buraxan kiçik məsamələrin içindən keçə bilməyəcək. Onların əsas problemi qrafenin sudan tədricən şişərək içindən bütün maddələri buraxmasında olub. Lakin alimlər qrafen zolaqlarını epoksid yapışqanı vasitəsilə bərkitməyə və onları suyun təsirindən qorumağa nail olublar. Filtrlərin əsas üstünlüyü onların əlavə enerji mənbələrinə ehtiyac duymamasındadır.

Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

2017-04-07 ||ictnews.az