“Google Chrome” brauzeri “macOS” istifadəçilərinin təhlükəsizliyini təmin edəcək

“Google” şirkəti “macOS” üçün "Təhlükəsiz baxış" xidmətinin (“Safe Browsing”) imkanlarını genişləndirib. İstehsalçılar əmin edirlər ki, indi “Google Chrome” istifadəçiləri arzuolunmaz reklam göstərən, həmçinin brauzerin sazlamalarını müstəqil dəyişdirə bilən proqramlardan müdafiəsini daha yaxşı təmin edəcək. “Safe Browsing” xidməti “Google” axtarış sistemi, “Google Chrome”, “Firefox” və “Safari” brauzerlərində istifadə olunur və istifadəçilərin təhlükəli veb saytlara keçidinin qarşısını alır. Bundan başqa, sözügedən xidmət yüklənmiş faylların skan edilməsində istifadə olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google” şirkətinin təhlükəsizlik siyasətinə müvafiq olaraq “Chrome Web Store” üzərindən yüklənməyən proqramlar brauzerin sazlamalarına düzəliş etmək, həmçinin reklam elanlarını nümayiş etdirmək hüququna malik deyil.

Cari ilin 31 mart tarixindən etibarən “Google Chrome” və “Safe Browsing” zərərli və təhlükəli proqram təminatı, həmçinin “API”-dən istifadə etmədən “Chrome” brauzerinin sazlamalarına müdaxilə cəhdi ilə bağlı istifadəçiləri xəbərdar edəcək.

2017-03-09 ||ictnews.az