Messencerlərin populyarlığı artır

“Gartner” analitik şirkəti tədqiqat apararaq 2016-cı ildə sosial şəbəkələrin populyarlığının 2 faiz azalmasını, istifadəçilərin messencerlərə 3 faiz çox vaxt sərf etməsini açıqlayaraq iki ildən sonra messencerlərin populyarlığına görə sosial şəbəkələri geridə qoyacağını bəyan edib.


“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, “Gartner” şirkətinin tədqiqatlar üzrə direktoru Cessika Ekholm istifadəçilərin getdikcə əlavələrə az maraq göstərməsini, bazara çoxlu müxtəlif proqramların çıxarılmasını bildirərək istifadəçilərin proqram təminatını az quraşdırmağa başladıqlarını qeyd edib.

Məlumata görə, şirkət mütəxəssisləri ABŞ, Britaniya və Çində üç min nəfərin rəyini öyrənib. Rəyi soruşulanların 72 faizi messencerlərdən gündə ən azı bir dəfə istifadə etməsini bildirib. Ümumilikdə sorğunun nəticələri messencerlərin tədricən bazarda daha çox paya sahib çıxaraq digər əlavələrin populyarlığının azalmasına səbəb olmasını nümayiş etdirib. Bunun izahı isə çox sadədir: istifadəçilər messencerlərdə daha çox şəxsi informasiyanı paylaşmağa üstünlük verirlər.

“Facebook” şirkəti son illər “Messenger” məlumatlar servisini aktiv inkişaf etdirir. Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, əsas əlavənin populyarlığı azaldığı halda messencerin populyarlığı artıb.
Bildirilir ki, Çində messencerlər bazarında birinci yeri “WeChat” tutur. Platforma çoxlu müxtəlif servislər təklif edir. Məsələn, əlavə vasitəsilə taksi çağırmaq, yemək sifariş etmək və ya pul köçürməsi etmək mümkündür. Hazırda “Facebook” bu modeldən nümunə götürərək analoji imkanların öz məhsullarında tətbiqinə çalışır.

“SimilarWeb” şirkətinin keçirdiyi tədqiqatın nəticələrinə görə, ötən ilin birinci rübündə istifadəçilər “Facebook”, “Instagram”, “Twitter” və “Snapchat” sosial şəbəkələrinin əlavələrinə az vaxt sərf ediblər.

Analitiklər bunu messencerlərin populyarlığının artmasının qeyd olunan sosial şəbəkələrin əlavələrinə marağın azalmasına görə başlıca səbəb kimi izah edirlər. Məsələn, “Facebook Messenger” və “WhatsApp”da yükləmələrin sayı müvafiq olaraq 2 və 5 faiz yüksəlib.

2017-02-24 ||ictnews.az