“Apple” şirkətinin smartfonları displey üzərində mikroçatları aşkar edəcək

ABŞ-ın “Apple” şirkəti öz smartfonlarının ekranında mikroçatların aşkar edilməsi texnologiyasını patentləyib. Bu haqda dərc edilmiş sənədlərə istinadən “Appleinsider” nəşri yazıb.

Belə texnologiya ilə təchiz edilmiş qurğu daha ciddi zədələrin qarşısını almaq üçün istifadəçini problemlərin mövcudluğu haqda xəbərdar edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, patentə əsasən 3 reallaşdırma variant mümkündür. Birinci varianta əsasən, ekrana xüsusi datçiklər qurulacaq. İkinci variant vibrasiya vasitəsilə çatların aşkar edilməsi üçün displey şüşəsinin alt hissəsinə pyezoelektrik mexanizmin yerləşdirilməsini nəzərdə tutur. Üçüncü variant ekran üzərində işığın yayılmasının daimi təhlilinə əsaslanır.

Sistem yalnız ekrandakı zədələri deyil, həm də onların tipini və yayılma sürətini müəyyənləşdirəcək.

2017-02-22 ||ictnews.az