|   Xəbərlər

“Google” şirkətinin süni intellekti bir neçə piksel əsasında şəkli bərpa edir

“Google Brain” elmi tədqiqat layihəsinin komandası neyron şəbəkəsi əsasında 64 pikseldən ibarət mənbədən şəkli yenidən yarada bilən kompüter alqoritmi hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, aşağı keyfiyyətli (8x8 piksel) bulanıq şəkil mənbə rolunda çıxış edir. Neyron şəbəkəsi ilkin emal mərhələsində başqa yüksək keyfiyyətli şəkillər tapır və onların ölçüsünü 8x8 pikselədək azaldaraq ümumi əlamətlər axtarır. “Google Brain” komandasının alqoritmi ikinci mərhələdə yüksək keyfiyyətli şəklin detallarını maksimum canlandırmağa çalışır.

Məsələn, neyron şəbəkəsi şəklin yuxarı hissəsində qəhvəyi piksellərdən ibarət cərgə gördüyü halda onun qaş olduğunu düşünə və yenidən yarada bilər. Bu halda bilmək lazımdır ki, kompüter tərəfindən yenidən yaradılmış şəkil həqiqi deyil. “Google”un neyron şəbəkəsi gördüyü nümunələrə əsaslanaraq şəkli yenidən yaradır.

2017-02-09 ||ictnews.az