"EPEG" regional kabel magistralı istismara verilib

"EPEG" (Europe Persia Express Gateway) optik-lif kabel magistralı istismara verilib. Bu barədə Trend-ə cümə axşamı "Delta Telecom"un baş direktoru Ramazan Vəliyev bildirib.
"EPEG" kabel magistralının yaradılması üzrə konsorsiuma İranın TIC (Telecommunication Infrastructure Company), Omanın "Omantel", Rusiyanın "Rostelekom" şirkətləri və C&W (Cable&Wireless) beynəlxalq şirkəti daxildir.
Oman və Frankfurtu birləşdirən "EPEG" kabel magistralı üç ölkənin (Azərbaycan, Polşa və Ukrayna) ərazisindən keçir. Bu marşrutlar 3 dövlətdən hər birində icarəyə götürülən qurğularda təşkil edilir.
Vəliyevin sözlərinə görə, layihə çox rentabellidir və dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli həcmdə artacağı gözlənilir:
"Frankfurtdan Omanadək çəkilən kabel magistralının müəyyən həcmi artıq bu gün aktivləşdirilib. Təbii ki, bu o demək deyil ki, onlar dərhal həyata keçiriləcək. Həm "Cable &Wireless", həm də "Omantel" artıq bu gün həcmlərin istifadə olunmasına başlayıb. 2016-cı ilə qədər kabel magistralının ümumi həcminin 15 terrabitə qədər artacağı proqnozları mövcuddur".

2013-06-04 ||Trend.az