6 dekabr rabitə və İT sahəsi işçilərinin peşə bayramı günüdür

Dekabr ayının 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçiləri özlərinin peşə bayramlarını qeyd edirlər.
Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub.
Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci ildə Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.
Son illər ərzində bir sıra beynəlxalq təşkilatların reytinqlərində Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı qeyd olunur və respublika bu sahənin irəliləməsinə görə regionda lider dövlət kimi qiymətləndirilir.
Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun sürətli inkişafı birbaşa ümummilli liderin kursunu davam etdirən ölkə Prezidenti İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunub. Öz çıxışlarında dövlət başçısı dəfələrlə İKT sektorunun inkişafının zəruriliyi və prioritetliyini qeyd edir.
Öz növbəsində rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri İKT sektorunun inkişafı, əhalinin həyatın hər sahələrində informasiya texnologiyalarının imkanlarından bəhrələnməsi, sürətlə inkişaf edən rəqəmsal əsrdə ən qabaqcıl xidmətlərin təqdim olunması istiqamətində əllərindən gələni əsirgəmirlər.
Bir daha bu əlamətdar gün münasibətilə kollektivimizi,bütün rabitə işçilərini peşə bayramı münasibətilə təbrik edir, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

2013-12-06 ||www.delta-telecom.net